Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, ustad aşıq İsfəndiyar Rüstəmov vəfat edib.

SİA-nın məlumatına görə, İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirdikdən sonra həyatını bütövlükdə aşıq sənətinə bağlanıb, 1958-ci ildə Bakıda keçirilən festivalda birinci dərəcəli diplom və döş nişanı ilə təltif olunub, Aşıq Ələsgərin 150 illik yubileyi münasibəti ilə Bakıda və 1972-ci ildə Moskvada keçirilən tədbirlərdəki çıxışları isə onu bir sənətkar kimi daha da məşhurlaşdırıb İ.Rüstəmov 1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivalındakı uğurlu çıxışlarına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.

Ömrünün 60 ildən çoxunu aşıq sənətinin inkişafına və təbliğinə həsr edən ustad aşıq hələ 1964-cü ildə Gədəbəydə gənc aşıqları ətrafına toplayaraq aşıq ansamblı yaratmış, uzun illər bu kollektivə və Aşıqlar Birliyinin Gədəbəy rayon şöbəsinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı aşıq sənətinin inkişafı və təbliği sahəsində böyük uğurlar qazanıb.

İ.Rüstəmov dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olub, Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin açılış mərasimi, Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə keçirilən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivallarında Azərbaycan aşıq sənətini təmsil edib.

Aşıq İsfəndiyar Rüstəmov 2002-ci və 2004-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların I və II respublika müsabiqələrinin münsiflər heyətinin sədri, 2003-cü və 2005-ci illərdə keçirilən milli musiqi alətləri ifaçılarının I və II respublika müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

Ustad aşıq İsfəndiyar Rüstəmovun əziz xatirəsi yaxınlarının və doğmalarının, onu tanıyanların və bütün sənətsevərlərin qəlbində daim yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə