Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsi anılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın anım mərasimi keçirilib.

Teatrdan SİA-ya bildirilib ki, mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi ilə yanaşı, Xalq artistləri Şəfiqə Məmmədova, Arif Quliyev və başqaları iştirak ediblər.

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq Artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Teatr rəhbəri qeyd edib ki, Z.Ağakişiyeva uzun illər Akademik Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb: “Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. Zərnigar Ağakişiyeva bütün həyatını teatra həsr edib. Onu ötən əsrin 60-cı illərdən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər. Bu gün Zərnigar xanımın ölümündən üç gün ötür. Zərnigar Ağakişiyeva Qubada dəfn olunub. Akademik Milli Dram Teatrı onun dəfni üçün hər bir hazırlığı görüb. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq, Zərnigar xanımı həmişə hörmət və ehtiram hissi ilə yad edəcəyik”.

Qeyd edək ki, Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib, bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. 1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunda çıxış edib. Bir il sonra teatrın aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın yaratdığı bütün obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xalq Artisti Tatyana (M.Qorki, “Meşşanlar”), Xuraman (S.Vurğun, “Vaqif”), Şəfəq (S.Dağlı, “Kölgələr pıçıldaşır”), Zeynəb (B.Vahabzadə, “Kimdir haqlı?”), Zivər (Anar, “Təhminə və Zaur”), Fəxrəndə xanım (İ.Əfəndiyev, “Mahnı dağlarda qaldı”), Pəri xanım (M.F.Axundzadə, “Lənkəran xanının vəziri”), Qadın (Elçin “Poçt şöbəsində xəyal”), Yasəmən (S.S.Axundov, “Eşq və intiqam”), Ana (B.Vahabzadə, “Dar ağacı”), Kərbəlayi Fatma (C.Məmmədquluzadə, “Ölülər”) və digər obrazlara tamaşaçıların yaddaşında dərin iz buraxıb.

Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilən Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Azərbaycanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2015-ci ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə