Şəfiqə Axundovanın anadan olmasından 94 il ötür

Bu gün örkəmli bəstəkar, Xalq Artisti, "Şöhrət" ordenli Şəfiqə Axundovanın anadan olmasından 94 il ötür. SİA-nın məlumatına görə, O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib. İlk bəstəsi olan "Bala" mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. Bu operada klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını, bəstəkarın xalq musiqisini mükəmməl bilməsini göstərir və əsərə uğur qazandırır. Şəfiqə Axundovanın zəngin yaradıcılığına "Ev bizim, sirr bizim" operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" səhnə əsərlərinə, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun "Sənin nəğmən", "Çinar və mən", "Həyat, sən nə şirinsən?!", "Sular qızı", "Ötür illər", "Nədən oldu", "Bu torpağa borcluyam", "Doğma diyarım", "Şəki", "Gözlərimin işığı sənsən", "Gəl, ey səhər", "Mehriban olaq", "Yaşatdın elləri", "Sevgi ölmür" və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb. Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir. Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb. Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə