Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət naziri ilə görüşüb

Portuqaliyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 19-da bu ölkənin mədəniyyət naziri Luis Filip de Kastro Mendes ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələr arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir Əbülfəs Qarayev Bakı Prosesinin 10 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında, eləcə də Humanitar Forum barədə məlumat verərək, portuqaliyalı naziri ölkəmizdə təşkil olunacaq tədbirlərə dəvət edib.

Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni əlaqələrin inkişafına dair Anlaşma memorandumunun tərtib olunması və bu il ərzində imzalanması ilə bağlı razılıq əldə olunub. Habelə Memorandum əsasında görüləcək işlərin fəaliyyət planının hazırlanması ilə bağlı danışıqlar aparılıb. Sonda nazir Əbülfəs Qarayev Portuqaliyanın mədəniyyət naziri Luis Filip de Kastro Mendesə dəvətə görə təşəkkürünü bildirib və həmkarının Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görməsindən məmnun olacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə