“Andre Şenye” operası təqdim edilib FOTOLAR

Milanın məşhur La Skala teatrında (İtaliya) həmyerlimiz, Əməkdar artist Yusif Eyvazovun (tenor) iştirakı ilə italyan bəstəkarı Umberto Jordanonun “Andre Şenye” operasının tamaşası təqdim edilib. SİA-nın məlumatına görə, səhnə əsərinin tamaşaçıları arasında Azərbaycandan da operasevərlər olub. La Skala səhnəsində tamaşanı izləyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın tamaşa ilə bağlı təəssüratları “1news.az” xəbər portalında dərc edilib.

Yazıda qeyd olunur ki, dünyanın ən məşhur La Skala opera səhnəsində mövsümün açılışından artıq bir ay keçməsinə baxmayaraq, dünya mediasında, sosial şəbəkələrdə ilin əsas musiqi hadisəsinə həsr olunmuş yazılar, şərhlər və fikirlər davam etməkdədir.

Milana səyahətindən söz açan komitə sədri qeyd edib ki, bu dəfə bu şəhərə səfərdə hər şey qeyri-adi idi: “La-Skala ənənəsi haqqında məlumatlı idik və bilirdik ki, opera mədəniyyətinin mərkəzi və saysız pərəstişkarları olan bu sənət məbədi hər il yeni mövsümünü katoliklərin Milad bayramı ərəfəsində açır. Teatrın parlaq səhifələri həm də italyan xalqının tarixi kimi tanınır. Mövsümün açılışı teatr üçün əlamətdar hadisədir və həmin gün dünyanın dörd bir yanından opera sənətinin pərəstişkarları bu məkanda bir araya gəlirlər. Təbii ki, dünya opera mədəniyyətinin mərkəzi sayılan teatr həmin gün pərəstişkarlarının qarşısına cəlbedici tamaşa ilə çıxır. Bu il teatr mövsümünün açılışı üçün italyan bəstəkarı Umberto Jordanonun “Andre Şenye” operası daha uğurlu seçim hesab edilmişdi. Halbuki “XX əsr musiqisinin başlanğıcı” hesab edilən bu əsər 32 il idi ki, səhnədə oynanılmırdı”.

Hicran Hüseynova bildirib ki, bu günə kimi operanın əsas qəhrəmanı sayılan inqilabçı şair Andre Şenyenin partiyalarını vaxtilə tanınmış opera ulduzları E.Kruzo, B.Cili, M.Monako, L.Pavarotti, P.Dominqo, X.Karreras kimi nəhənglər ifa ediblər. Hazırda isə onları Azərbaycandan olan gənc opera müğənnisi Yusif Eyvazov əvəz edir. Əsərdə qadın baş qəhrəman Maddalenanı isə Yusifin həyat yoldaşı, dünyaca məşhur opera müğənnisi, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) ifa edir: “Biz həmyerlimizlə fəxr etməklə qədər həm də hədsiz həyəcanlı yaşayırdıq. Təsəvvür edin ki, Milana gəldiyimiz ilk gündən operanın musiqisi bizi qarşıladı və hava limanında, mərkəzi vağzalda, şəhərin küçə və hotellərində bu sədalar səslənməkdə idi. Şəhərin bütün görməli yerlərində operanın yaranma tarixi, Fransız inqilabının tarixini əks etdirən instalyasiyalar və sərgilərlə bağlı məlumatlar yer alırdı. Bir sözlə, Milan başdan-ayağa bu musiqi hadisəsinin motivləri ilə dolu idi. Bütün bu motivlər sırasında bəzədilmiş afişalarda iri planda və böyük hərflərlə Azərbaycanın Əməkdar artisti Yusif Eyvazovun adını görmək böyük sevinc, qürur hissi bəxş edirdi bizlərə. Azərbaycanlılardan ibarət musiqisevərlər Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Milana yanvar ayının 2-də ikinci premyera gecəsi gəlmişdik və artıq operanın 7 dekabrda baş tutan triumfal premyerasından da xəbərdar idik. Qəzetlərdə dərc edilmiş məqalələr, tamaşanın yaradıcı heyəti ilə keçirilən mətbuat konfransları haqqında da məlumatlı idik. Bütün bu məqalələrdə bizim müğənni haqqında xeyli danışılmışdı. O, tamaşaçıları təkcə vokal imkanları ilə deyil, öz səmimi davranışları ilə də heyran etmiş, jurnalistlərin təxribat xarakterli suallarına müdrik cavabı ilə hər kəsi mat qoymuşdu”.

Hicran xanım La-Skala teatrının dizaynı və görünüşü ilə bağlı təəssüratlarını bölüşdükdən sonra tamaşa haqqında fikirlərini davam etdirib. Qeyd edib ki, möhtəşəm tamaşa hədsiz təəccüb doğura bildirib: “Dirijor pultu arxasında əsəri səhnələşdirən baş dirijor Rikkardo Şayi idi. Rejissor və yeni texnologiyalı dekorasiyanın müəllifi isə Mario Martone. Gözəl aktyor ansamblı və təkrarsız xor truppası. Dünya miqyasında ən yüksək səviyyəli tamaşa və bütün bunların fonunda isə bizim Yusif Eyvazov. Baxmayaraq ki, o, Milan səhnəsində ilk dəfə çıxış edirdi. Həmyerlimiz ilk notlardan özünə inamlı, dinamik çalarlarla dolu, hədsiz zərif və incəliklərlə poetik Şenye obrazını tamamlaya bilirdi. Anna Netrebko isə yüksək performansı ilə əsl sənət örnəyi nümayiş etdirdi. Bu, unudulmaz duet idi. Əgər ilk premyeranın finalında tamaşaçılar 11 dəqiqə alqış etmişdilərsə, bu dəfə alqışlar 30 dəqiqə aktyorları səhnədə saxladı. Əsl opera melomanları həmin gecə gənc azərbaycanlı müğənnini ayaq üstə sürəkli alqışlarla təbrik edirdilər. Bu tamamilə fantastik bir səhnə idi. Səhnəyə yaxınlaşa bilməyənlər gül dəstələrini ifaçıya təqdim etmək üçün çalışırdılar. Hər tərəfdən səhnəyə güllər uçuşurdu və bütün səhnə güllərə qərq olmuşdu. Bu unudulmaz səhnəni milli qürur hisləri keçirmədən izləmək qeyri-mümkün idi...”.

Komitə sədri belə möhtəşəmliyə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib: “Gənc istedadlara göstərilən diqqət və qayğı nəticəsində onlar layiqli təhsil ala və belə yüksəkliklərə qalxmaq imkanı qazana bilirlər. Sevindirici hallardan biri də odur ki, “Dünyanın ən yaxşı tenorları” kitabında Yusif Eyvazovun yaradıcılığını əks etdirən səhifə də yer alıb. Sonda isə onu bildirmək istərdim ki, Anna Netrebko və Yusif Eyvazov bu gün dünyanın ən tanınmış ifaçılarıdır. Onların öz pərəstişkar ordusu var. Bu pərəstişkarlar onların bütün dünya turlarını izləyir, öz kumirlərini tək qoymurlar. Çox arzulayıram ki, bu pərəstişkarlar sırasında klassik musiqini sevən azərbaycanlılar da yer alsın”.

Yazıda qeyd olunub ki, fevralın 1-də Monakoda Anna Netrebko və Yusif Eyvazov böyük konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə dünya operasının hit əsərləri səslənəcək. Proqramda C.Verdi, F.Cilea, E, Curtis, A.Dvorjak, C.Puççini, P.Sorozabol kimi məşhur bəstəkarların əsərlərindən parçalar ifa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə