“Mənim günahım” yenidən səhnədə

Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa teatrsevərlərə təqdim olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya məlumat verilib ki, səhnə əsərində bu dəfə Nurcahan rolunu Əməkdar Artist Nərgiz Kərimovanın ifa edəcək. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını uzun illər Xalq Artisti Şükufə Yusupova canlandırıb.

İdeya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fərqli rakursdan təqdim olunmasında xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.

Qeyd edək ki, tamaşada digər rolları Əməkdar Artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Səhnə əsərinin dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə