Ötən il Azərbaycana 2,7 milyon turist gəlib

Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabranda təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turistin gəldiyi qeyd olunub.

Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeydə alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib. Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan vətəndaşlar qonaq gəlib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin növbəti inkişaf mərhələsini yaşadığını qeyd edib. Bu mərhələdə daha çox qonaqların cəlb olunması üçün yeni turizm marşrutlarının açılması, xidmət sektorunun gücləndirilməsi, kadrların düzgün seçilməsi, uyğun qiymət siyasətinin yürüdülməsi vacibdir.

Bildirilib ki, bundan sonra da əcnəbi turistlərin Azərbaycana cəlb edilməsi üçün müvafiq işlər görülməli, turizm sektorunda müxtəlif sahələrdə çalışanlar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilməlidir.

Tədbirdə turizm mütəxəssisləri, konsaltinq şirkətlərinin nümayəndələri, sahibkarlar və xidmət sektoru üzrə ekspertlər fikir mübadiləsi aparıb, bu kimi maarifləndirici görüşlərin mütəmadi təşkilinə ehtiyac olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə