Çingiz Sadıxovla vida mərasimi keçirilir

ABŞ-da vəfat edən Azərbaycanın Xalq Artisti, məşhur pianoçu Çingiz Sadıxovla bu gün Təzəpir məscidində vida mərasimi keçirilir. SİA-nın məlumatına görə, sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Vida mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Ölkə başçısının göstərişinə əsasən nəşi vətənə gətirilən görkəmli musiqiçi Bakıda ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar Artisti, 1987-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə