Əməkdar artist Yelizaveta Valua obrazını yaradacaq

Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək. SİA-nın teatrın saytına istinadən verdiyi xəbərə görə, martın 1-də və 3-də səhnə əsərində Yelizaveta Valua obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə