Moskvada yaşayan həmvətənimiz, gənc vokalçı və gitaraçı Emil Qədirov martın 2-də şəhərin “Vegas City Hall” konsert zalında “Qəlbimin səsi” adı solo proqramla çıxış edəcək. SİA-nın xəbərinə görə, Emil Qədirovu Rusiyanın Əməkdar Artisti Andrey Kapralovun dirijorluğu ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mərkəzi sərhəd orkestri müşayiət edəcək. Həmvətənimiz konsertin birinci hissəsində Müslüm Maqomayevin, Andrea Boçellinin repertuarından əsərlər ifa edəcək, opera ulduzları ilə duetlər oxuyacaq. İkinci hissədə E.Qədirov müəllif mahnılarını və “FlameBand” qrupunun müşayiəti ilə Latın Amerikası kompozisiyalarını səsləndirəcək.

E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olmuş E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə