"Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə" çap edilib

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzi tərəfindən "Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə" çap edilib.

SİA-nın məlumatına görə, bu, aşıq sənətinin tədrisi və metodikası üzrə ilk tədris vəsaitidir.

Vəsaitin müəllifi Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyevdir. Metodiki tövsiyədə aşıq havalarının tədris edilməsində musiqi aləti olaraq sazdan istifadə edilməsiylə yanaşı aşıq sənətinin sinkretik (qovuşuq) sənət olduğunu şagirdlərə izah etmək üçün sazın texniki quruluşu ilə bağlı məlumatlar, aşıq poeziyası o cümlədən deyişmə nümunələri, dastan yaradıcılığı, səhnə davranışı, aşıq sənətinə dövlət qayğısı və s. barədə bilgilər verilib.

Gədəbəy Aşıq məktəbinin direktoru, folklorşünas Etibar Əliyev aşıq sənətinin tədrisində yenə ilk dəfə olaraq nəzərdə tutulan "Aşıq sənəti tarixi" nəzəriyyə fənninin də müəllifidir. O, məlum nəzəriyyə fənni üzrə proqram - dərslik yazmışdır. Bu ilki tədris ilindən başlayaraq Gədəbəy Aşıq məktəbində "Aşıq sənəti tarixi" fənni tədris edilməkdədir.

Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyev həm də Azərbaycanda XIX əsrin ortaları - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş alman milliyyətli Simens qardaşlarının Gədəbəydəki izləri ilə məşğuldur. Onun bu sahədə növbəti kitabı (albom-mətn tərtibatında) "Simenslər Azərbaycanda" kitabı çap edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...