ICOM Azərbaycan Milli Komitəsinin 25 illik yubileyinə həsr olunmuş illik konfrans keçirilib SƏS TV

Bu il ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyi qeyd olunub. SİA-nın məlumatına görə, bu münasibətlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda tədbir keçirilib.

Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarsəinin “İçərişəhər” tarixi muzeyinin direktoru Cavid Kazımov, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, diplomatlar və rəsmi şəxslər, milli komitənin bütün üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova açıb. O, ICOM Azərbaycan Milli Komitəsinin 25 illik fəaliyyəti haqqında danışıb: “ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyi münasibətilə komitənin bütün üzvlərini təbrik edirəm. Sizi ICOM Azərbaycan Milli Komitəsinin 25 illik fəaliyyəti ilə tanış etmək istəyirəm. ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib. Həımin ildə təşkilatın nizamnaməsi qəbul edilib və sədri seçilib. Beləliklə, postsovet məkanında ilk milli komitə məhz Azərbaycanda yaranıb. 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurası 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsini rəsmi olaraq təsdiq edib. 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan Milli Komitənin hazırda 106 nəfər fərdi və 1 institutsional üzvü var. Onlar 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil edirlər.
ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan ICOM təşkilat üzvü olan şəxsləri birləşdirir”.
Şirin Məlikova ICOM Azərbaycan Milli Komitəsinin əsas vəzifələrindən də söz açıb: “ICOM Azərbaycan Milli Komitəsinin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.
Milli komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir”.

Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı olub. Konfrans milli komitənin yenilənmiş nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, habelə ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə edilib.

Mərasimdə ICOM Azərbaycan Milli Komitəsinin fəal üzvləri diplomlarla təltif edilib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə