MEK müasir Macarıstanın banisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə MEK-də müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunmuş tədbir keçirib.

SİA-nın məlumatına görə, tədbirdə Macarıstanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin rəhbərləri. AMEA-nın, təhsil müəssisələrinin, media və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir başlayarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova MEK adından Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevi, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyini, Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagyni və digər tədbir iştirakçılarını salamlayıb. L.İmanova bildirib ki, Azərbaycanın Macarıstan ilə tarixən sıx əlaqələri olub. MEK direktoru vurğulayıb ki, 25 il öncə Macarıstan Respublikası Azərbaycanın müstəqiliyini tanıyıb, bu illər ərzində əlaqələr genişlənib, dövlət və hökumət başçıları, parlament sədrləri, nazirlər qarşlıqlı səfərlər edib, ölkələr arasında əməkdaşlığa aid 23 sənəd imzalanıb. L.İmanova xüsusi olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Macarıstan Respublikasının birinci xanımı Anika Levainin, iki ölkənin səfirliklərinin və Macarıstandan olan təşkilatların dəstəyi ilə MEK-in təşkilatçılığı ilə 2016-cı ildən başlayaraq silsilə tədbirlər keçirildiyini diqqətə gətirib. MEK direktoru vurğulayıb ki, bu tədbirlərdən sonuncuları – Türkoloji qurultayın 90 illiyi, Georq Hazai və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş konfranslar, sərgilər, elektron kataloqların mübadiləsi, İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi, Bakıdakı təqdimatıdır. L.İmanova yazıçı, publisist Mehriban Vəzirin uzun müddətli tarixi axtarışlarının və bədii təfəkkürünün nəticəsi olaraq

ölkələrimiz arasında daha bir körpü salındığını bildirib. Onun sözlərinə görə bu, böyük macar bəstəkarı və ifaçısı Ferens Listlə alman dilini və Avropa musiqisini mükəmməl bilən Azərbaycan qızı Səyyarənin nakam məhəbbət tarixçəsinə həsr olunmuş “Səyyarə xanım və Ferens List” tarixi romanıdır. Əsərin 200 il öncə Azərbaycana gəlmiş alman köçkünlərinin faciəvi taleyindən, Ferens Listin və azərbaycanlı qızının, alman qızı və azərbaycanlı oğlu Mustafanın faciəvi məhəbbətindən, Gəncə xanı Cavad xanın göstərdiyi qəhrəmanlıqlardan bəhs etdiyini deyən L.İmanova əsərin macarcaya çevrilməsinin Azərbaycan-Macarıstan tarixi və mədəni əlaqələrinin inkişafına töhfə ola biləcəyini vurğulayıb.

Daha sonra yazıçı, publisist Mehriban Vəzir “Səyyarə xanım və Ferens List” adlı tarixi romanı Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Szederkenyiniyə və Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vilayət Quliyevə hədiyyə edib. Səfir Viktor Szederkenyini iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlərdən, Macarıstan səfirliyinin fəaliyyətindən bəhs edib. Səfir tədbirdə haqqında bəhs olunan İştvan Seçeni ilə tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oxşarlıqlarını qeyd edib. Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagy “Müasir Macarıstanın banisi İştvan Seçeni” mövzusunda geniş mühazirə ilə çıxış edib, İ.Seçeninin gördüyü işlərdən, onun Macarıstanın inkişafı üçün atdığı addımlardan bəhs edərək, müasir Macarıstanın qurulmasında adı çəkilən şəxsin çox böyük rolu olduğunu bildirib. Məruzədə qeyd edilib ki, Avropaya geniş səyahət etmiş Seçeni 1825-ci ildə illik gəlirini Macarıstan Elmlər Akademiyasına bağışlamağı, Buda və Peşt şəhərlərinin birləşdirilməyi və Macarıstanın siyasi, iqtisadi və mədəni mərkəzinə çevirməyi, islahatlarda mühüm rol oynamağı ilə daha çox tanınıb.

Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev çıxışında səfirliyin siyasi, mədəni, elm və təhsil istiqamətlərində gördüyü işlərdən ətraflı bəhs edib. O, Azərbaycan haqqında önəmli məlumatları macar dilinə çap edib bu ölkədə yaydıqlarını söyləyib. Səfir macar türkoloq alimi Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid qisminin AMEA Mərkəzi Elmi Kitabxanaya gətirilməsi istiqamətində gördükləri işlərdən bəhs edib. O, kitabxanaya Hazai kolleksiyasının qorunması və oxuculara çatdırılması istiqamətində görülən işlərə görə təşəkkür edib.

Sonda qonaqlar MEK-in Akademiklər zalındakı Diplomatik fonda baxış keçiriblər. Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagy Diplomatik fondun Macarıstan Səfirliyi üçün ayrılmış guşəsinə kitablar hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə