MTN ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb FOTO

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Cənubi Qafqaz Boru Kəmərlərinin genişləndirilməsi işləri zamanı aşkar edilmiş mühüm arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq etmək üçün qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

SİA-nın məlumatına görə, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Goranboy rayonunun Kərpiclitəpə ərazisində aşkar edilmiş tarixi əhəmiyyətli tapıntı ilə bağlı işlərin maliyyələşdirməsinə göstərdiyi dəstəyə görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzuya təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün imzalanmış sənəd hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir.

Qəri Counzuya isə BP şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində həyata keçirdiyi sosial layihələr barədə danışıb. Bu müddət ərzində şirkət və tərəfdaşlarının Azərbaycanda təkcə sosial sahələrə qoyduğu investisiyaların həcminin 75 milyon dollardan çox olduğunu qeyd edən Q.Counzu bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonra tərəflər memorandum imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə