“Karavacco - Opera Omnia” adlı sərgi açılıb FOTOLAR

Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr edilən bu sərgi Heydər Əliyev Mərkəzi və İtaliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

“Biz ümumiyyətlə Azərbaycan ilə İtaliya arasında əlaqələrə xüsusi önəm veririk. Bu səbəbdən də ölkələrimiz arasındakı əlaqələr günü-gündən daha da genişlənir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimiz İtaliyanın müxtəlif şəhərlərində təqdim edilib. Bu günədək Heydər Əliyev Mərkəzində İtaliya mədəniyyətinə dair bir sıra tədbirlər keçirilib. Burada italyan bəstəkar Umberto Cordanonun " Sibir" operası nümayiş olunub, həmçinin tanınmış modelyer Renato Balestranın Azərbaycan milli ornamentlərindən istifadə edərək yaratdığı unikal moda kolleksiyası təqdim edilib. Belə tədbirlər iki ölkə arasındakı əlaqələrə müsbət töhfəsini verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə artiq altı ildir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur, bu sərgilərdən sonra bizim rəssamlarımız çox böyük uğurlar qazanırlar. Bilirsiniz ki, Heydər Əliyev Mərkəzi unikal arxitekturaya malikdir və bu bina taninmış memar Zaha Hadidin əsəridir. Bu gün burada bu sərginin açılması həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyev Fondu Romada Zaha Hadidin başqa bir memarlıq əsərində - MAXXI Milli Müasir İncəsənət Muzeyində Azərbaycan mədəniyyətini nümayiş etdirən "Fly to Baku" sərgisini təşkil etmişdi. Karavacconun yaradıcılığını əks etdirən bu layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk”.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxışında deyib: “Bu tədbir ölkələrimiz arasındakı diplomatik əlaqələrin 25 illiyinin qeyd edilməsində çox mühüm hadisədir. Belə layihələrin təşkili xüsusi əhəmiyyət kəsb edir. Mikelancelo Merizi da Karavacconun əsərləri olduqca böyük anlam daşıyır. Heydər Əliyev Mərkəzi ilə birlikdə açdığımız bu sərginin təşkilindən olduqca məmnunuq. Ümid edirəm ki, bizim mədəniyyət sahəsindəki əməkdaşlığımız gələcəkdə də davan edəcək”.

Rəssamın həyat yoluna nəzər salan diplomat deyib ki, onun yaratdığı rəsmlər sənətkarın həyat yolunun heç də hamar olmadığını göstərir. Sərgidə rəssamın təqdim olunan 37 işi bir daha onun necə böyük sənət adamı olduğunu təsdiqləyir və izləyicilərin rəssamın möhtəşəm əsərləri ilə bir daha tanış olmasına imkan yaradır”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Mikelancelo Merizi da Karavacco XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Təbii üslubu və kəskin işıq-kölgə əleyhinə əsaslanan forması ilə XVI əsr rəsm sənətində yeni bir yol açmışdır. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

Karavacco naturalist (təbiiliyə üstünlük verən) bir sənətçi idi. Rəsmlərində hər xırda detal üzərində diqqətlə çalışması onun reallığa necə dəyər verdiyinin sübutudur. Ən incə damarlarına qədər işlənmiş yarpaqlar, ən incə dənəsinə qədər təsvir olunmuş üzüm kimi təbiətin adi elementlərinin Karavacconun əsərlərində canlanması onun təbiətə necə dəyər verdiyini bəlli edir. Gənc kişi fiqurlarını müxtəlif natürmort elementləri ilə birgə göstərən ilk rəsmlərinin ən yaxşı nümunəsi “Bakkus”dur (Bacchus). Rəsmə ümumən hakim olan klassisizm və naturalist fiqur anlayışının birləşməsi Karavacconun çatdığı formal yetkinliyin işarəsidir.

Heydər Əliyev Mərkəzində nümayiş olunan “Karavacco - Opera Omnia” sərgisi Karavacco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur. Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir.

Sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə