On iki mindən çox fotosənəd arxivə təhvil verilib

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 12 min 605 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. Bu barədə SİA-ya Milli Arxiv İdarəsinin elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ili əhatə edən fotosənədlər dövlət başçısının ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Fransa, Ukrayna, Braziliya, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Gürcüstan, Latviya, Burkino-Faso dövlətlərinin yüksək səlahiyyətli hökumət və dövlət nümayəndələrini qəbul etməsini, BMT və NATO-nun baş qərargahında keçirdiyi görüşləri əks etdirir. Eyni zamanda, fotosənədlər arasında Prezident İlham Əliyevin regionlara səfərlərini, habelə zavod və fabriklərin açılışında, avtomobil yollarının, orta məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsi mərasimində iştirakını əks etdirən sənədlər də yer alıb.

Dövlət başçısının Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, “Yeni Gəncə” yarımstansiyasının, Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında və respublikamızda keçirilən beynəlxalq tədbirlərdə iştirakını əks etdirən sənədlər də qəbul edilmiş fotosənədlərin tərkibinə daxildir.

Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbul olunması rəsmiləşdirilir, hər bir sənədin məlumat bazası hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə