“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq

Bu il ICOM Azərbaycan Milli Komitəsi öz 25 illiyini qeyd edir. Bu münasibətlə 15 dekabr 2017-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir keçiriləcək. SİA-ya qurumun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin bütün üzvləri iştirak edəcəklər.

Tədbir çərçivəsində 15 dekabr tarixində ICOM Azərbaycan Milli Komitəsinin illik plenar konfransı olacaq. Konfransda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, diplomatlar və rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı da olacaq. Konfrans zamanı ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş Nizamnaməsinin müzakirəsi, 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olunacaq. Konfrans mədəni və əyləncəli proqramlarla başa çatacaq.
ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib, həmin ildə təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Beləliklə, postsovet məkanında ilk milli komitə məhz Azərbaycanda yaranıb. 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurası 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsini rəsmi olaraq təsdiq edib. 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan Milli Komitənin hazırda 106 nəfər fərdi və 1 institutsional üzvü var. Onlar 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil edirlər.
ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir.
Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.
Milli Komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə