Cənub bölgəsinin folkloru elmi cəhətdən tədqiq olunacaq

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu arasında bu günlərdə imzalanmış əməkdaşlıq müqaviləsi ölkəmizin cənub bölgəsinin folklor nümunələrinin elmi cəhətdən araşdırılmasına, tədqiqinə öz töhfəsini verəcək.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov arasında bağlanmış 5 illik müqaviləyə əsasən Lənkəran-Astara bölgəsində folklor nümunələrinin toplanması və nəşrə hazırlanması məqsədilə ekspedisiyalar təşkil ediləcək, toplanmış folklor nümunələri pasportlaşdırılacaq, folklorun yayılma arealı və regional xüsusiyyətləri müəyyənləşdiriləcək.

Müqaviləyə əsasən LDU Folklor İnstitutu əməkdaşlarının cənub bölgəsinə ekspedisiyalarının təşkilinə kömək göstərəcək. Birgə fəaliyyət planına uyğun olaraq, müştərək elmi seminarların, simpoziumların, konfransların keçirilməsi də qərara alınıb.

Müştərək elmi tədqiqatların aparılmasının əsas məqsədi elmlə tədrisin inteqrasiyasına nail olmaqdır. Müqavilənin şərtlərinə əsasən, AMEA-nın Folklor İnstitutu folklor-etnoqrafiya laboratoriyasının yaradılması üçün LDU-ya metodiki və texniki kömək göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə