Azərbaycan xalçaları ABŞ və Almaniyada alıcılara təqdim olunacaq FOTO

“Azərxalça” ASC-nin Şəmkir və Horadiz filiallarında toxunan xalçalar ABŞ və Almaniyada keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq.

SİA-nın məlumatına görə, bu barədə bölgə müxbirinə müsahibəsində məlumat verən “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, satış sərgiləri 2018-ci ilin yanvar ayında təşkil ediləcək.

Vidadi Muradov bildirib ki, dekabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ASC-nin Quba filialında toxunan xalçaların da həmin sərgilərdə satışı təşkil oluna bilər. Gələn ilin yanvar-fevral aylarında Quba filialının ilk məhsulu hazır olacaq. Beynəlxalq satış sərgilərin təşkilinə kimi hazır olacaq xalçalar satışa çıxarıla bilər.

“Azərxalça” ASC yaranan vaxtdan biz xalçalarımızın tanıdılması və satışı istiqamətində iş aparmışıq. Məhsullarımız satış salonlarında, sərgilərdə nümayiş etdirilib. Artıq brendə çevrilmiş Azərbaycan xalçalarına xarici ölkələrdə tələbat var”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Vidadi Muradovun sözlərinə görə, bu ilin sonuna kimi “Azərxalça” ASC-nin daha 7 filialının açılışı nəzərdə tutulub. Bununla da fəaliyyətə başlayan xalça istehsalı müəssisələrinin sayı 10-a çatacaq. 2018-ci ildə isə Prezident İlham Əliyevin tapşırığına əsasən daha 10 filialın əsası qoyulacaq. Bu xalça istehsalı müəssisələrinin fəaliyyətə başlaması ilə 3 min nəfər işlə təmin olunacaq.

Bu ilin sonuna kimi Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin əyirici boyaq fabrikinin tikintisinə başlanılacaq. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarında istehsal olunan yun regional tədarük məntəqələri vasitəsilə qəbul ediləcək. Bu məntəqələr Bərdə, Şabran, Şamaxı, Sabirabad və Naxçıvanda yaradılacaq.

“Belə bir müəssisənin yaradılması Azərbaycanın yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir” - deyə, Vidadi Muradov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə