“Nağıllara səyahət” müsabiqəsi elan edilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də uşaq və yeniyetmələrin mütaliəsinə dəstək verməkdir. Bu məqsədlə müvafiq sahə üzrə mütəxəssislərin rəyi nəzərə alınmaqla xüsusi tədbirlər planının hazırlanması istiqamətində işlər aparılır.

İnformasiya mənbələrinin çoxluğunu nəzərə alaraq, kitabxana mütəxəssisləri daha çox uşaqların diqqətini kitaba cəlb etməyə çalışırlar.

Nazirliyin təşəbbüsü və təşkilatı dəstəyi ilə uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib. Müsabiqənin informasiya dəstəyi “Vışka” qəzeti tərəfindən həyata keçirilir.

Sözügedən müsabiqənin ilk iyirmi sualı “Vışka” qəzetinin cari il 24-30 noyabr tarixlərindəki nömrəsində dərc edilib (səhifə 15). Viktorina iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə uşaqlara dünya xalqlarının nağıllarından 20 sual təklif olunur. İkinci mərhələdə isə Azərbaycan uşaq ədəbiyyatından 20 sual təklif ediləcəkdir..

Qaliblərə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamına əsasən yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”dan istifadə və həmin kitabxanaya istədikləri kitabların daxil edilməsi üçün sifariş vermək imkanı yaradılacaqdır. Bundan başqa, redaksiya tərəfindən müsabiqənin ilk üç qalibi “Vışka” qəzetinin 80 illik yubileyi ilində 2018-ci il üçün qəzetə ödənişsiz abunə olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə