Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın müdiri Gülşən Abbasova, filologiya elmləri doktoru Mahirə Quliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Şəfa Muradova, Təhsil Nazirliyinin əməkdaşı Gülarə Xudiyeva çıxış edərək Vaqif yaradıcılığı haqqında məlumat veriblər.

Qeyd edilib ki, şairin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi ölkəmizin çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Tədbirdə Səməd Vurğunun “Vaqif” dramından səhnələr və Azərbaycanın milli rəqsləri təqdim olunub. Həmçinin Vaqifin yubileyinə həsr olunmuş şeir müsabiqəsində iştirak edən şagirdlərin ifasında şairin şeirləri dinlənilib.

Sonda filialın müdiri G.Abbasova müsabiqədə iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə