“Səhər qatarı” tamaşası nümayiş etdiriləcək

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yazıçı-jurnalist Camal Yusifzadənin eyni adlı pyesi əsasında hazırlanmış “Səhər qatarı” tamaşası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, müasirlərimizin həyatından söhbət açan bu tamaşada şəhərdən ucqar bir məntəqəyə gedən qatarın kupesində baş verən hadisədən bəhs edilir. Yaxından-uzaqdan biri-birilərini yaxşı tanıyan, hətta müəyyən dərəcə qohumluq əlaqələri olan bu sərnişinlər, yolda olduqları müddətdən “səmərəli” istifadə etməyə qərar verərək deyib-gülüb zarafatlaşır, içki məclisi açırlar. Dramatik hadisələr və tamaşanın əsas kolliziyası da buradan başlayır. Sərxoş vəziyyətdə vaqonun pəncərəsindən atdıqları butulkalardan biri çöldə quzu otaran on yaşlı uşağın başına dəyib onu öldürdü.

Tamaşanın sonuna qədər konvulsiv vəziyyətə düşmüş sərnişinlər “kimdir cavabdeh” məsuliyyəti qarşısında qalır, mənəvi-psixoloji “dəyərlərini”, insani “keyfiyyətlərini” dışarıya vurub, biri-birilərini məhşər ayağına çəkilər.

Ekstremal situasiyalarda təzahür edən problemləri bir araya gəlib çözəcəkləri halda baş verən hadisədə biri-birini günahlandırıb, problemdən qaçmağa çalışır, yaxalarını kənara çəkib qurtarmağa cəhd edirlər.

Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəlidir. Baş rollarda: Paşa Salmanov, Ramil Ağayev, Asim Məmmədov, Aydın Quliyev, Hüseyn Mustafayev, Aytən Allahverdiyeva və s. ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə