Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni monotamaşa hazırlanır. Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan tamaşa “İstədiyim kimi yaşayıram” adı ilə tamaşaçılara təqdim olunacaq. SİA-nın məlumatına görə, artıq teatrın aparıcı aktrisası Mehriban Abdullayeva yeni tamaşanın məşqlərinə başlayıb.

Psixoloji- dramatik səhnə əsəri ötən əsrin 30-cu illərində Amerikada çox məşhur olan yazıçı Skot və həyat yoldaşı Zeldanın yaşam tərzini özündə əks etdirir. Tamaşa boyu cütlüyün həyatı və onların birlikdə yaşadığı dövrün mənzərəsi tamaşaçıya ötürülür.

Aktrisa Mehriban Abdullayeva yeni əsərlə bağlı fikirlərini bölüşərkən bilirib ki: “ Belə bir mono tamaşa üzərində işləmək çoxdankı arzum idi. Monotamaşadakı obraz çox məsuliyyətli, ağır və olduqca maraqlıdır. Rol həddən artıq gərgin və dramatikdir. Inanıram ki, qəhrəmanın hisslərini tamaşaçılara çatdıra biləcəyəm və tamaşa uğurlu alınacaq. Tamaşada fonda səslər var ki, bu səslərin və çağırışların maraqlı alınmasında teatrımızın sevilən aktyorları, sənət dostlarım Elnur Kərimov, Elnur Hüseynov, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Nuridə Əliyeva, Mehriban Hüseynova yaxından köməklik göstərdilər. Ürəklə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Monotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımov, musiqi tərtibatı İradə Muradova, işıq tərtibatı Badim Kuskov, rəssamı Elşən Sərxanoğludur.

loading...