MEK öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk ölkələrinə aid qurumlar, AMEA İnstitutlarının, ali məktəblərin, media qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının zənginləşdirilməsi istiqamətində görülən işləri xatırladıb. Direktor, çoxsaylı kolleksiya təqdimatlarının keçirildiyinə, ölkə daxilində informasiya resursları içərisində ən qədim və unikal kitabların MEK-də toplanıldığına, türkdilli mənbələrin sayca 100 mindən artıq olduğuna diqqət çəkib. Ortaq türk dəyərlərinin, elmi və mədəni irsinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsində bu mənbələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan L.İmanova MEK-in Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosiyasının yaradılması təşəbbüsündən, türk dövlətlərinin akademik kitabxanalarında mühafizə olunan sənədlərin elektron kataloqlarının birləşdirilməsinin vacibliyindən söhbət açıb. L.İmanova müasir tələblər səviyyəsində kitabxanaların öz fondlarını rəqəmsal formatda, ümumi bir portalda sistemləşdirməsinin gərəkli olduğunu qeyd edərək, MEK-də Milli Rəqəmsal Yaddaş layihəsi (MRY) çərçivəsində beynəlxalq üslublu elektron katoloqun hazırlandığını da bildirib.

Türkdilli mənbələr barədə slaydlı təqdimatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların formalaşdırması bölməsinin əməkdaşları – Sevil Əliyeva, Qöncə Cəlilova, Aysel İbrahimli, Xədicə Ağayeva təqdim ediblər. Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxanada ümumilikdə 1500000 min sənəd mühafizə edilərək oxucuların istifadəsinə verilib. Kitabxanın ayrı-ayrı fondlarında mühafizə

olunan türkdilli mənbələrin ümumi sayı isə 2387 nüsxədir. Belə ki, Nadir kitab fondunda 100-ə yaxın, Rus ədəbiyyatı fondunda 433, Azərbaycan ədəbiyyatı fondunda 237, Qərbi Avropa ədəbiyyatı fondunda 1400, Avtoreferatlar fondunda 95, Dissertasiyalar fondunda 20, Dövri mətbuat fondunda isə 102 nüsxə sənəd saxlanılır. Əsas sənədlər isə MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunaraq oxucuların istifadəsinə verilib. Şərq ədəbiyyatı fondunda ümumilikdə 74084 (40046 kitab, 35038 jurnal və qəzet) nüsxə sənəd mövcuddur ki, bunlardan da 16534 ədədi (10144 kitab, 6390 jurnal) türk dilindədir. Ümumi sayı 100000-dən artıq olan türkdilli mənbələr kitabxana əməkdaşları tərəfindən ənənəvi və elektron kataloqa daxil edilib, bir hissəsi rəqəmsallaşdırılıb, Azərbaycana aid sənədlər isə MEK-in brendi olan MRY bazasına salınıb.

Mənbələrin təqdim edilməsinin ardınca Azərbaycanın əməkdar artisti Gülnaz İsmaylovanın ifasında bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala” oratoriyasından parça səslənib, həmçinin Əməkdar incəsənət xadimi rejissor Ziya Şıxlinskinin “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi nümayiş olunub.

Qonaqlardan Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Abdul Gafur Büyükfırat Azərbaycanda kitaba, mütaliə mədəniyyətinə böyük dəyər verildiyini, elmə marağın şahidi olduğunu vurğulayıb. A.Böyükfırat türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxana kollektivinin təşəbbüsünü alqışlayıb.

Çıxış edənlərdən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil və Mədəniyyət Müşaviri Ahmet Simitçioğlu, ADMİU-nun professoru Mübariz Süleymanlı, BDU-nun professoru Sevda Süleymanova, Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Litseyinin direktoru Hüseyin Dəmirəl, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət, Beynəlxalq Hüquq Araşdırmaları Mərkəzinin sədri Pərviz Əsədi və digərləri kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyindən söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə