Fikrət Əmirovun 95 illiyinə həsr olunmuş konsert proqramı keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizim Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. SİA-nın verdiyi məlumata görə, ondan əvvəl məktəbin müəllimləri Fəxri Xiyabanda F.Əmirovun məzarını ziyarət ediblər.

Artıq ikinci ildir ki, keçirilən “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin II elmi-ifaçılıq konfransı çərçivəsində olan konsert proqramı şagirdlərin maraqlı çıxışları ilə tamamlanıb.

Proqramın əvvəlində F.Əmirovun öz səsi ilə səsləndirilən filim təqdim edilib. Filmdə bəstəkarın yaradıcılığından, əsərlərinin səhnə həyatından söhbət açılıb.

Konsert proqramında şagirdlər bəstəkarın bir sıra tanınmış əsərlərini səsləndirdilər. Skripka triosu “Səhər” k/f-dən “Aslanın mahnısı”, fleyta və klarnet dueti “Azərbaycan dağları” və “Aşıqsayağı”, qarmon və nağaranın ifasında “Baharımsan” və başqa əsərlər səslənib.

Konsert proqramının sonunda məktəbin böyük xoru F.Əmirovun dillər əzbəri olan “Reyhan” mahnısını ifa edib.

Sonda isə məktəbin direktoru, əməkdar müəllim, professor Adilə Yusifova çıxış edərək Fikrət Əmirovun yaradıcılığından söz açıb və onu da qeyd edib ki, belə tədbirlər silsiləsi hələ uzun müddət davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə