“Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” FOTOLAR

Üzeyir Hacıbəylinin doğma ocağı olan ev-muzeyində, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Qızıl qələm”, Məhsəti Gəncəvi və Gənclər mükafatlarının laureatı Səadət Təhmirazqızının Elmi-Metodiki Mərkəzin dəstəyi ilə cap olunmuş “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, kitaba Üzeyir bəy haqqında monoqrafiyalar, dissertasiyalar, tədqiqat əsərləri daxil olunub. Xüsusi ilə onun haqqında tələbələrinin, həmkarlarının, onu yaxından tanıyan ziyalıların xatirələri də toplanıb. Müəlliflər arasında Vasim Məmmədəliyev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Natiq Əliyev də vardır.

Ön sözündə S.Təhmirazqızı qeyd edib ki, “XX əsrin mədəniyyət tarixinin inkişaf yoluna nəzər salanda bu yoldakı mühüm xidmətləri Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki müstəsna rolunu bir daha təsdiq edir. O, Azərbaycan professional və klassik musiqi sənətinin banisi, Azərbaycan musiqişünaslıq məktəbinin yaradıcısı, dramaturq, publisist, ictimai xadim və bu kimi fəaliyyəti ilə milli mədəniyyətimizi yüksək səviyyəyə çatdırmış və mədəniyyət tarixində silinməz izlər buraxıb”.

Təqdimatda Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq artisti Ramiz Quliyev, professor Vidadi Xəlilov, müğənni Elza Seyidcahan, digər mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru çıxış edərək kitabın zənginliyi onun dahi müəlliflərlə təmasda olduğunu bildirib və bir daha vurğulayıb ki, Azərbaycan musiqi mədəniyyəti Üzeyir Hacıbəylidən başlayır.

Tədbirdə dahi Üzeyir bəyin musiqi əsərləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə