Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Konservatoriyadan SİA-ya bildirilib ki, konsert AMK-nın tələbə gənclər təşkilatı və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb. Vurğulanıb ki, T.Quliyevin mahnıları ölməz və əbədiyaşardır. Tədbirin hazırlıq prosesindən danışan S.Kərimi konsertin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Konsertdə AMK-nın tələbələri konsertmeysterlərin müşayiəti ilə T.Quliyevin mahnılarını səsləndiriblər.

Sonda bəstəkarın oğlu, rejissor, Xalq Artisti Eldar Quliyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə