Azərbaycanla Özbəkistan arasında Memorandum imzalanacaq

Yaxın günlərdə Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair Memorandum imzalanacaq. SİA-nın məlumatına görə, Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında imzalanacaq çoxtərəfli Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə araşdırma, nəşr layihələrinin gerçəkləşdirilməsi, elm, ədəbiyyat sahəsində mübadilə, habelə nəşrlərin mübadiləsi layihələrinin həyata keçirilməsi və s. nəzərdə tutulub.

Qeyd edək ki, Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında keçirilən görüş zamanı tərəflər arasında bir sıra təkliflər razılaşdırılıb və imzalanacaq Memoranduma daxil edilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması ilə əlaqədar məsələlərin həlli və bu işlərə müvafiq dəstək göstərilməsini öz üzərinə götürüb.

Bundan başqa, Əlişer Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru Şuxrat Siracədddinov yaradılacaq Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, Bakıda gələcəkdə yaradılması planlaşdırılan Ə.Nəvaid adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinə, habelə Özbək dili və ədəbiyyatı kafedrasına müvafiq dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Memoranduma əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu da bir sıra işləri həyata keçirəcəkdir: İnstitutun nəzdində Ə.Nəvai adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin, Özbək dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə nəşr layihələrinin reallaşdırılmasına təşkilati dəstək, Azərbaycanda yaşayıb yaratmış və Özbək ədəbiyyatına aid tanınmış şəxslərin irsinin tədqiqi layihəsinə dəstək və s.

Memorandumun bəndlərinə əsasən tərəflər arasında müstəqillik tarixində ilk dəfə olaraq doktorant mübadiləsi həyata keçiriləcəkdir. Belə ki, Özbək gənc tədqiqatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycanın elmi tədqiqatçıları Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin doktorantura və dissertanturasına qəbul olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə sözügedən elm müəssisələri qarşı tərəfə müvafiq yer ayıracaqlar.

Memorandumun digər üstün cəhəti ondan ibarətdir ki, tərəflərin birgə səyi ilə ilk dəfə olaraq Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca lüğəti tərtib olunacaq. Bununla əlaqədar hər iki tərəfin dilçi alimlərinin iştirakı ilə xüsusi Redaksiya Heyəti təşkil olunacaq.

Bundan başqa, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu arasında Əmədaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur.

Azərbaycanda Özbək ədəbiyyatının tanınmış nümayəndələrinin, Özbəkistanda isə Azərbaycan ədəbiyyatına dair çoxsaylı əlyazmaların saxlanılması səbəbindən imzalanacaq Memorandumda sözügedən əlyazmaların müəyyənləşdirilməsi və gələcəkdə onların qanunvericiliyə uyğun şəkildə, hər iki tərəfin razılığı ilə mübadiləsi məsələləri Memorandumda öz əksini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə