Xalq artisti Şəfiqə Eyvazovanın yaradıcılıq gecəsi keçirilib FOTOLAR

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kaman ustası, professor, Xalq Artisti Şəfiqə Eyvazovanın yaradıcılıq gecəsi keçirilib.

SİA-nın məlumatına görə, “Mədəniyyət” kamalının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söhbət açılıb.

Bildirilib ki, Bakıda dünyaya göz açan Şəfiqə Eyvazova kamança ifaçılıq sənətini öyrənmək üçün mükəmməl təhsil alıb. İki nömrəli uşaq musiqi məktəbində, Asəf Zeynallı adına musiqi texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə bu sənətin sirlərinə yiyələnmək üçün böyük səylə çalışıb. O, 1974-cü ildən konservatoriyanın müəllimi kimi fəaliyyət göstərir. 1988-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.

Gecə Əməkdar Artist Faiq Sadıqovun dirijorluğu ilə S.Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında musiqilərlə müşayiət olunub. Orkestrin solisti sənətkarın qızı Mehri Əsədullayeva bəstəkar və xalq mahnılarını ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə