“Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də genişləndirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir.

Sonra yubilyarın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə