Azərbaycanda davamlı turizm məhsulları

Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib. SİA-nın məlumatına görə, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması və həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim edilməsi, “Beynəlxalq davamlı turizm ili”nin elan edilməsinə diqqətin cəlb olunması məqsədilə təşkil olunub.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru İlham Mədətov keçirilən müsabiqə və konfransın 2017-ci ilin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ili”nə həsr olunmasından, “Beynəlxalq davamlı turizm ili”ndə Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən, həmçinin mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində regionlarda turizm fəaliyyətinin stimullaşdırılaraq yeni turizm marşrutlarının yaradılması prosesindən danışıb. İ.Mədətov eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında", 2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında", 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”i habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamından, həmçinin, 2017-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Bakı şəhərində yenilik edilərək keçirilməsi baş tutan Şopinq Festivallarından danışaraq aparılan məqsədyönlü tədbirlərin uğur göstəricisi kimi turist sayında olan artım, eləcə də əcnəbi turistlərin gəldikləri ölkələr sırasına yeni ölkələrin daxil edilməsini xüsusilə vurğulayıb.

Qeyd olunub ki, keçirilən müsabiqəyə yüzdən çox məqalə təqdim edilib. 2017-ci ilin fevral-sentyabr aylarında təqdim olunan məqalələr təşkilat komitəsinin üzvləri incələnərək 40-a yaxın məqalə konfrans proqramına daxil edilib.

Plenar iclasda ATMU-nun tədris işləri üzrə prorektoru E.Aslanov “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı R.Səfərov “Turizmin davamlılığında "Bermud" üçbucağı” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra konfrans bölmələrdə davam etdirilib. Günün sonunda məqalə müsabiqəsində seçilən ilk üç məruzəçiyə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə