Tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə həsr olunmuş gecə keçirilib

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində Xalq artisti, tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib. Trend-in məlumatına görə, tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Fikrət Verdiyevin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var. Fikrət Verdiyev 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1962-ci ildə Qənbər Hüseyinli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin tar sinifinə daxil olub. 1967-ci ildə Ü.Hacıbəyov adına Konservatoriyanın tar-dirijor fakultəsinə daxil olub və bəstəkar Adil Gərayin sinifində muğamın sirlərinə yiyələnib. Təhsilini başa vurduqdan sonra doğma Gəncəyə qayıdıb “Göy-göl” ansamblını yaradaraq 50 ildən artıq müddət ərzində həmin ansambla rəhbərlik edib.

İlk olaraq Fikrət Verdiyev tarda Hacı Xanməmmədovun 2-ci konsertinin 2-ci və 3-cü hissəsini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifa edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.

Gecədə musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib. Fikrət Verdiyevin həyat və yaradıcılığına aid video-çarx nümayiş olunub. Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Xalq artisti, tarzən Ramiz Quliyev yubilyar haqqında ürək sözlərini tamaşaçılara çatdırıblar.

Tədbirdə Xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova, İlkin Əhmədov, Tünzalə Ağayeva, Babək Niftəliyev, Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov, mügənnilər Eldəniz Məmmədov, Kamilə Nəbiyeva yubilyarı öz musiqi ifaları ilə təbrik ediblər. Tədbir alqışlarla sona yetib.

Bütün xəbərlər Facebook səhifəmizdə