Rauf Abdullayevin 80 illiyi qeyd olunacaq

20 noyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətimizin görkəmli nümayəndəsi Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmiş, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil almışdır. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsveçrə, Belçika, Danimarka, Türkiyə, Ukrayna, Gürcüstan, Küveyt, Birləşmiş Ərəb Əmirliklərində böyük uğurla çıxış etmişdir. Azərbaycan musiqi sənəti sahəsindəki xidmətlərinə görə Rauf Abdullayev 1970-ci ildə Əməkdar incəsənət xadimi, 1982-ci ildə Xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülmüş, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. O, Prezident təqaüdçüsüdür.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya şöhrətli skripkaçı Maksim Vengerov ilə birgə çıxış edəcəklər.

Maksim Vengerov müasir dövrün ən dinamik və hərtərəfli artistlərindən biridir. O, 20 avqust 1974-cü ildə Novosibirsk şəhərində musiqiçi ailəsində anadan olub. 10 yaşında “Junior Wieniawski” müsabiqəsində qalib gəlib. 1990-cı ildə Londonda Karl Fleş Beynəlxalq skripka müsabiqəsinin qalibi olmuşdur. 1995-ci ildə “Dahi gənc musiqiçi” kimi İtaliyanın “Accademia Musicale Chigiana” mükafatına layiq görülüb. Skripkaçı dəfələrlə Klaudio Abbado, Daniel Barenboym, Valeri Gergiyev, Kolin Devis, Şarl Dütua, Mixail Pletnev, Yuri Temirkanov, Vladimir Fedoseyev, Yuri Simonov, Zubin Meta kimi görkəmli dirijorların rəhbərliyi altında tanınmış orkestrlərlə birgə dünyanın əfsanəvi səhnələrində çıxış edib. Bir neçə nüfuzlu müsabiqədə qalib olan Vengerov geniş repertuarının səs yazıları ilə “Grammy”, “Gramophone Award UK”, “Edison Award”, “Echo Classic Award”, “Amadeus Prize Best Recording”, “Brit Eword” kimi beynəlxalq mükafatlara layiq görülüb. Musiqiçi ifaçılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Mstislav Rostropoviçin təsis etdiyi “GLORIA” və Yuri Başmet fondu tərəfindən təqdim olunan Dmitri Şostakoviç adına mükafata layiq görülüb. 2010-2012-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəvətli dirijoru kimi çalışıb.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə