Lənkəran Dövlət Dram Teatrı beynəlxalq festivala gedəcək

Lənkəran Dövlət Dram Teatrının truppası beynəlxalq teatr festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək və dekabrın 1-dən 6-a kimi davam edəcək. Teatr kollektivi gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə festival tamaşaçıları qarşısında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu səhnə əsərində keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə