“Nar bağı” Festivalda “Ən yaxşı film” oldu FOTOLAR

Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 7-ci Malatya Beynəlxalq Film Festivalının beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın simvolu olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib.

SİA-nın məlumatına görə, bu mükafat “Nar bağı” filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsi və digər yaddaqalan obrazlarına görə verilib.

Qeyd edək ki, 7-ci Malatya Beynəlxalq Film Festivalı noyabrın 9-dan 16-dək Türkiyənin Malatya şəhərində keçirilib.

“Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Psixoloji dram janrında çəkilən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

loading...