Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın bu gün doğum günüdür. SİA-nın məlumatına görə, Gülarə xanım 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.

Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje edib. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilib.

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə balkona çıxır və köhnə balkon uçması nəticəsində həlak olur.

Oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil Əliyevin bacısıdır. Həkim Əziz Əliyevin qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə