“Qremmi” mükafatı laureatı Patti Ostin Bakıda konsert verib FOTOLAR

Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti keçirilib.

SİA-nın məlumatına görə, Patti Ostin Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə həsr etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edib.

Caz həvəskarları konsertdə “Too Close For Comfort”, “Honeysuckle Rose”, “You'll Have To Swing It”, “Our Love Is Here To Stay”, “A Tisket A Tasket”, “Miss Otis Regrets”, “The Man I Love”, “Hearing Ella Sing” və digər hitləri dinləyiblər.

Dünyada “Cazın birinci ledisi” hesab olunan E.Fitzceraldın bu il 100 illiyi qeyd edilir. Patti Ostin bu münasibətlə konsert turnesinə çıxıb. Noyabrın 7-də başlayan turne Finlandiya, Norveç, İsveçi əhatə edib və Azərbaycanda başa çatıb.

P.Ostin vokal debütünü 4 yaşında Nyu-Yorkun “Appolo Teatrı”nda edib. O, hələ uşaq yaşlarında müxtəlif müzikllərdə çıxış edib, 9 yaşında Kuinsi Consun konsert truppasında təmsil olunub, artıq 16 yaşında məşhur Harri Belafonte ilə turlarda iştirak edib.

P.Ostin Maykl Ceksonla onun “Off The Wall” albomunda “It's the Falling in Love” mahnısını duet oxuyub. Corc Benson və Lüter Vendross da onun duet tərəfdaşları arasındadır.

Bundan əlavə, müğənni 1980-ci illərin ən aparıcı studiya musiqiçisi olub, Pol Saymon, Billi Coel, Corc Benson, Robert Flek və digərləri ilə mahnı yazdırıb, “Steely Dan”, “The Blues Brothers” qruplarının kompozisiyalarının səsyazmasında iştirak edib.

P.Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə o, 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə