Xalq artistinin 90 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

C.Cabbarlı adına Dövlət Teatr Muzeyində Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq Artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru Sevinc Mikayılova, Xalq Artisti Roza Cəlilova və başqaları X.Zülfüqarovanın sənət yolundan söz açıblar.

Bildirilib ki, milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.

Diqqətə çatdırılıb ki, Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində dünyaya göz açıb. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib. O, öz sənətində Azərbaycan milli ruhunu yaşatmaqla yanaşı, gənclərin də bu sahədə yetişməsinə böyük əmək sərf edib. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycanın xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.

Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2009-cu il dekabrın 14-də imzaladığı Sərəncamla “Şöhrət” ordeninə layiq görülüb.

Natiqlər qeyd edib ki, bu ilin iyulun 2-də dünyasını dəyişən Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki xidmətləri heç zaman unudulmayacaqdır.

Sonra balerinanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş edilib.

Tədbirdə Xumar Zülfüqarovanın yetirmələrinin ifasında milli rəqs nümunələrimiz təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə