ADGTT-da “Eşq-i Nigar” tamaşasının premyerası keçirilib

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı məhəbbət dastanı hazırlanırdı. SİA-nın məlumatına görə, tamaşanın premyerası keçirilib. Premyeradan əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səhnəyə çıxaraq tamaşaçıları salamlayıblar. İbrahim İldırım birgə layihənin iki ölkə arasında mədəni körpülərin inkişafına daha bir töhfə olduğunu bildirib. Ortaq türk mədəniyyətlərinin türkdilli ölkələrdə təbliği və qarşılıqlı şəkildə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Teatrın direktoru ilk birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib və bundan sonra da birgə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Tamaşaçılara xoş seyrlər arzulayıb. Bakı Yunis Əmrə İnstitutu ilə Dövlət Gənc Tamaşaçılar Teatrının birgə dəstəyi əsasında reallaşan səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış edirdi. Tamaşanın səhnə redaksiyasının müəllifi Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova, plastik həlli Ceyhun Dadaşovdur.

“Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamlarından çox, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkib. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə