Azərbaycan AŞ-ın layihəsində fəal iştirak edir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının ən uğurlu layihələrindən olan, habelə YUNESKO-nun müvafiq konvensiyalarının monitorinqini aparan “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir və hər il hazırladığı milli məruzə müvafiq veb-portalda (http://www.culturalpolicies.net/web/index.php) yerləşdirilir.

Avropanın qırx iki ölkəsinin iştirak etdiyi Kompendium layihəsi çərçivəsində milli məruzələr aşağıdakı istiqamətlər üzrə hazırlanır: tarixi perspektivlər, mədəniyyət siyasəti və onun alətləri; mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri; səlahiyyət, qərarvermə və idarəetmə; mədəniyyət siyasətinin cari məsələləri, inkişaf və müzakirələr; mədəniyyət sahəsinin əsas hüquqi təminatları; mədəniyyətin maliyyələşdirilməsi; mədəniyyət infrastrukturunda dövlət müəssisələri; yaradıcılığın və iştirakın təşviqi və s.

Nazirlikdən SİA-ya verilən məlumata görə, Kompendium layihəsinin 16-cı Assambleyası Praqa şəhərində təşkil olunub. Tədbirdə Kompendium layihəsinin yeni idarəetmə sistemi və strukturunun müzakirə edilməsi məqsədilə Avropa Şurasının, Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutunun, Avropa-Asiya Fondunun təmsilçiləri, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya və digər ölkələr üzrə Kompendium milli müəllifləri iştirak ediblər. Ölkəmizi tədbirdə nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. Nazirliyin nümayəndəsi, həmçinin Avropa Mədəniyyət Tədqiqatçıları Assosiasiyasının 12-ci Assambleyasına və “Milli mədəni qurumlarının missiyası və rolu” İctimai Forumuna qatılıb.

Qeyd edək ki, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə layihədə fəal iştirak edən Mədəniyyət və Turizm Nazirliyi müvafiq istiqamətdə bir çox tədbirlər keçirib.

loading...