"FilmAT” film, Sənət və Turizm Festivalı keçirilib FOTOLAR

Polşanın Varşava şəhərində 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilib. SİA-nın məlumatına görə, festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil ediblər.

Festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış edib.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə diplomla təltif edilib.

Qeyd edək ki, 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı çərçivəsində keçirilən elmi konfransla əlaqədar olaraq cari ilin oktyabr ayında Bakı Turizm Peşə Məktəbində “Təhsil dünyanı dəyişə bilər” devizi altında açıq dərs keçirilib. "FilmAT” Film, Sənət və Turizm Festivalının təşkilat komitəsi tərəfindən kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərin təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı bu ildən etibarən beynəlxalq tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb. Bu il beynəlxalq tələbə münsiflər heyətinin polşa, braziliya və azərbaycanlı tələbələrdən ibarət olması festival rəhbərliyi tərəfindən təklif edilib. Bu məqsədlə, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılıb. Cari il iyun ayının 22-də Bakı Turizm Peşə Məktəbində münsiflər heyətinin toplantısı keçirilib. Toplantıda "FilmAT” Film, Sənət və Turizm Festivalına dünyanın müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilib və filmlər qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə