“Vətən aşiqi” qan yaddaşımızda yazılacaq

13 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Şurası Qayıdış İctimai Birliyi tərəfindən çəkilmiş 18 aprel 2016-cı il tarixində Lələtəpə döyüşləri zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polkovnik-leytenant Sənan Axundov haqqında “Vətən aşiqi” sənədli filminin təqdimat mərasimi təşkil olunmuşdur.

Tədbirin əvvəlində S.Axundovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Sənan Axundov 1979-cu il sentyabrın 29-u Füzuli rayonunda anadan olub. 1996-cı ildə Binəqədi rayonundakı 144 Nömrəli orta məktəbi bitirib. 1996-2001-ci illərdə Bakı Ali Hərbi Məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Ağstafa rayonunda N saylı hərbi hissədə çalışıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. 2004-2008-ci illərdə Almaniyada hərbi kurs keçib, Alman dilini mükəmməl öyrənib. Müdafiə Nazirliyində sektor vəzifəsində işləyib. 2016-ci il dekabrın 30-da Heydər Əliyev Fondunun rəhbəri, I vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə yaşadığı binanın girişində xatirə lövhəsinin açılış mərasimi həyata keçirilmişdir.

Təqdimatda iştirak edənlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Bənəqədi rayon YAP təşkilatının sədri Ramiz Göyüşov, “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev, Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov, aktyor, əməkdar artist Azad Şükürov, Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, əməkdaşları Aslan Qasımov və Cavid Quliyev, 144 N-li məktəbin direktoru Həcər Mahmudova, Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərbaz Hüseynoğlu, şairlər Sabir Rüstəmxanlı, Seyran Səxavət, şairə Gülarə Şınıxlı və başqaları S.Axundovla bağlı xatirələrini bölüşmüşlər.

Daha sonra şəhid haqqında çəkilmiş “Vətən aşıqi” sənədli filminin nümayişi həyata keçirilmişdir.

Tədbirin sonunda məktəblilər arasında təşkil olunmuş vətənpərvərlik mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə