Kitabxanalara 500-ə yaxın kitab hədiyyə edilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində həyata keçirilən səfərlər başa çatıB.

Nazirlikdən SİA-ya bildirilib ki, layihə çərçivəsində Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarında maraqlı görüşlər keçirilib.

Səfərdə uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyatzadə və Reyhan Yusifqızı iştirak ediblər. “Uşaq Kitab Karvanı” layihəsi adı ilə davam edən kitab karvanı olduğu bütün bölgələrdə böyük maraqla qarşılanıb.

Tədbir zamanı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova səfərin vacibliyini qeyd edərək, layihə haqqında geniş məlumat verib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq , uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.

Səfər zamanı tədbir iştirakçılarının bütün sualları uşaq yazıçıları tərəfindən cavablandırılıb. Tədbirə qatılan uşaqlar arasında müxtəlif viktorinalar keçirilib. Qaliblər kitab və jurnallarla mükafatlandırılıb.

Səmərəli keçən səfərdə bölgələrdə fəaliyyət göstərən MKS-ların uşaq kitabxanalarının hər birinə kitab karvanı ilə gətirilən bağlamalarında nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakatlar və vəsaitlər hədiyyə edilib.

Qeyd edək ki, “Uşaq Kitab Karvanı” layihəsi adı ilə həyata keçirilən silsilə səfərlərdə 2011-ci ildən günümüzə qədər 26 rayona 22 min nüsxədən çox kitab bağışlanıb.

loading...