“Cəhənnəm sakinləri” maraqla qarşılandı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümün yeni tamaşası - “Cəhənnəm sakinləri” növbəti dəfə nümayiş edilib. SİA-nın məlumatına görə, Xalq Yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemət, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı Əməkdar artistlər Elşən Rüstəmov , Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edib. Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Yeni teatr mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə