Qazax Rayon İcra Hakimiyyəti (QRİH) və “Qazax” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Bakıda görkəmli saz ustadı, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalət Nəsibovun xatirəsi anılıb. SİA-nın məlumatına görə, tədbirdə aşığın həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb.

Rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova bildirib ki, Ədalət Nəsibovun yaradıcılığı, onun Azərbaycan mədəniyyətinə, poeziyasına bəxş etdiyi yüzlərlə sənət incisi, saz havası, aşıq musiqisi bu gün gənc sənətkarlar üçün bir örnəkdir. Ədalət Nəsibov bu gün aşıq sənətində xüsusi yeri olan, böyük zirvələr fəth etmiş, ən əsası isə solo saz sənətini yaradan bir sənətkardır.

İB-nin sədri, Əməkdar Müəllim, professor İlham Pirməmmədov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, bu sənətin yaşadılmasında, inkişafında Ədalət Nəsibov kimi sənətkarların müstəsna xidmətləri var.

Aşığın ifalarının ölkəmizin hüdudlarını aşaraq böyük coğrafiyada yayıldığını, YUNESKO tərəfindən lentə alndığını söyləyib.

Tədbirdə filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, Əməkdar Mədəniyyət işçiləri Aşıq Avdı Musayev, Aşıq Ədalət Dəlidağlı və başqaları Ədalət Nəsibovun saz ifaçılığının, unudulmaz lent yazılarının əsrlərlə yaşayacağını söyləyiblər. Vurğulanıb ki, bunun başlıca səbəbi aşığın xalqın ürəyində hələ sağlığında özünə heykəl ucaltmasıdır.

Mərasimdə “Dəli-Kür” qəzetinin Aşıq ədalətə həsr etdiyi “Dədə Ədalət” adlı xüsusi buraxılışının təqdimatı keçirilib.

Mərasimdə görkəmli aşığa həsr edilmiş şeirlər oxunub, onunla bağlı xatirələr dinlənilib.

Sonda aşığın oğlu Hekayət Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə