Oktyabrın 23-də Azərbaycan Rəssamlar İttifaqının himayəsi altında “HəArt” art-konsaltinq qrupunun həyata keçirdiyi “İncəsənətə hə” layihəsi çərçivəsində “Biri var idi, biri yox idi...” rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda təşkil ediləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Sərgi zamanı müxtəlif yaş qruplarına aid uşaq və yeniyetmələrin təsviri və tətbiqi incəsənət sahələrində olan əsərləri nümayiş olunacaq. Sosial xarakter daşıyan bu layihənin məqsədi uşaqların şəxsiyyətinin formalaşmasında incəsənətin əhəmiyyətini artırmaqla yanaşı, təhsil prosesinin onların həyatının bir hissəsinə çevrilməsini gündəmə gətirməkdir. Layihənin yaxın zamanda fəaliyyətinin daha da genişləndirərək müxtəlif ölkələrdən olan uşaq, yeniyetmə və gənc istedadların da iştirakı ilə böyük bir beynəlxalq səpgidə davam etdirilməsi nəzərdə tutulur.

Mövzusu nağıllara həsr edilən sərgi oktyabrın 26-dək ziyarətçilər üçün açıq olacaq.

Ceyran Əsgərova

loading...