Veb-saytın təqdimatı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 27-də saat 11:30-da Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, çağdaş zamanımızda doğma dildə Azərbaycan incəsənəti və təsviri sənəti haqqında mərkəzləşdirilmiş elekton vəsaitə olan tələbat və ehtiyac danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazası qloballaşma dövrünün virtual məkanında milli təsviri sənət irsinin qorunması və təbliği məqsədi ilə yaradılmışdır. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən yaradılan Azərbaycan dilində ilk e-resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanması, istifadəsinin əlverişli olması, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edir.

Azərbaycan Dövlət Rəsm Qalereryasının ey adlı veb-saytının (www.azgallery.az) yaradılması ölkəmizdə bu sahədə baş verən mədəni hadisələri işıqlandırmaqla yanaşı, sənətsevərləri qalereyanın fəaliyyəti ilə də yaxından tanış etməyə imkan yaradacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanmışdır. Qalereya tərəfindən mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarında təşkil olunur. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən sərgilərin böyük əksəriyyəti əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

loading...