Ramiq Muxtarın “Seçilmiş əsərlər”nin təqdimat mərasimi keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə şair-dramaturq, Prezidentin fərdi təqaüdçüsü, Gürcüstan Respublikasının “Şərəf” ordeninə layiq görülmüş Ramiq Muxtarın “Seçilmiş əsərlər”nin təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirli R.Muxtarın həyat və yaradıcılığı, yeni nəşr edilən kitabı haqqında ətraflı məlumat verib. Müəllifin təqdimatı keçirilən ikicildlik “Seçilmiş əsərlər”inin birinci cildində şeirləri və dram əsərlərinin dərc olunduğunu, ikinci cildinə isə “Özgə ürəyi”, “Əlvida, köhnə dünya”, “Kişi ömrü”, “Dəvə dağ əfsanəsi” pyeslərinin, xatirələrinin, atası Muxtar Nağıyev haqqında sənədli povestinin daxil edildiyini söyləyib.

Bildirilib ki, müasir poeziyamızın sevilən nümayəndələrindən olan R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvanda ziyalı ailəsində dünyaya göz açıb. On bir yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda müntəzəm çap edilib.

Digər çıxış edənlər nəğməkar şairin sözlərinə 120-dən artıq mahnı bəstələndiyni, şairin yaradıcılığında təbiiliklə, səmimiliklə yanaşı, Vətən torpağının çəkilməz dərdlərinə sənətkar münasibətinin ön planda verildiyini bildiriblər. Ümummilli lider Heydər Əliyevin şairin yaradıcılığına böyük rəğbətindən danışan natiqlər, məhz Ulu Öndərin şəxsi göstərişi ilə “Dünya azərbaycanlılarının birlik nəğməsi”nin mətnini də Ramiq Muxtarın yazdığını söyləyiblər. Hətta müdrik rəhbər Heydər Əliyevə həsr edilən ən yaxşı mahnının da (“Sən elə bir zirvəsən”) sözlərinin Ramiq Muxtara məxsus olduğunu söyləyib, onun həm də dramaturq kimi fəaliyyətini yüksək dəyərləndiriblər. Şairin “Üfüqlər qızaranda”, “Əlvida, köhnə dünya”, “Doğma səmanın ulduzları” və digər pyeslərinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulduğu vurğulanıb.

Şairlər Oqtay Rza, Ramiz Qusarçaylı, Tahir Ələkbərli, Yaşıl Teatrın rejissoru Məhəmməd Hümbətov, ehtiyatda olan polkovnik Həmid Cəfərov və başqaları yarım əsrə yaxın dostluq etdikləri şairin həm də bir insan, dost və ailə başçısı kimi yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Şair tədbir iştirakçılarının xahişi ilə “Qızlar oğlanları çox incitməyin”, “Çıx bəxtimin yollarına, “Sənsiz mən nəyəm” şeirlərini oxuyub.

Sonda şair öz imzası ilə kitablarını oxuculara təqdim edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə