“Nar bağı” filminin beynəlxalq kinofestivallarda uğurları davam edir

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filminin beynəlxalq kinofestivallarda uğurları davam edir. SİA-nın məlumatına görə, film Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb.

Kinorejissor noyabrın 23-də dünya kino sənayesində “Asiya Oskarı” kimi tanınan mükafatın təqdimetmə mərasimində iştirak edəcək.

Xatırladaq ki, “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir. Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.

İlqar Nəcəf artıq ikinci dəfədir akademiyanın mükafatına layiq görülür. Onun quruluş verdiyi “Buta” filmi 2011-ci ildə akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub. O, həmçinin akademiyanın fəxri üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə