Amerika Guşələrinin fəaliyyətinə həsr olunmuş yubiley konfransı keçirilib FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində Azərbaycan kitabxanalarında Amerika guşələrinin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley konfransı təşkil olunub. SİA-nın məlumatına görə, bu konfrans “Beynəlxalq İnformasiya proqramı” layihəsi çərçivəsində keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan 4 regionun mərkəzi kitabxanalarında 10 il bundan öncə ilk Amerika guşələri yaradılıb: Gəncə şəhər, Kürdəmir, Salyan və Xaçmaz rayon mərkəzi kitabxanalarında 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Mədəniyyət və Turizm Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında bir sıra regionlarda Amerika guşələrinin yaradılması və fəaliyyəti haqqında beş il müddətinə Anlaşma Memorandumu imzalanıb. Sözügedən Memorandum cənab Prezidentin Fərmanı ilə təsdiq olunub. Memorandum əsasında regionlarda yaradılmış Amerika guşələri iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi və genişləndirilməsinə xidmət edir. Amerika guşələrində istifadəçilər ABŞ-ın dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti və s. sahələri ilə tanış olurlar. Onlar üçün burada ingilis dili biliklərini daha da təkmilləşdirilməyə əlverişli imkan yaradılır. Guşələrdə müxtəlif avadanlıqlar, maraqlı kitablar oxucuların istifadəsinə verilir. Burada innovativ layihələrlə yanaşı müxtəlif tədbirlər və müsabiqələr də keçirilir. Anlaşma Memorandumunun müddəti növbəti beş ilə də uzadılıb.

Bugünkü tədbiri Amerika Səfirliyinin məsul əməkdaşı Aydan Əsgərova açıb və sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya verib. L.Məmmədova öz çıxışında qeyd edib ki, 10 il müddətində Azərbaycan kitabxanalarında fəaliyyət göstərən Amerika guşələri maraqlı layihələr həyata keçiriblər. Bu guşələrdə Azərbaycan gəncləri üçün xarici ölkələrdə təhsil almaq imkanları barədə geniş məlumat verilib. Bir çox insanlar ingilis dili biliklərini təkmiləşdirmiş və ingilis dilini öyrəniblər. Çıxış da qeyd olunub ki, Azərbaycan - Amerika münasibətlərinin yaradılmasından 25 il keçir. Və bu illər ərzində iki dost ölkə arasında əlaqələr möhkəmlənib, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq genişlənib. L.Məmmədova qeyd edib ki, Azərbaycan Respublikası dünyanın yeganə ölkələrindən biridir ki, burada ölkə başçısı kitabxana-informasiya sahəsinə mühüm əhəmiyyət verir. 2004-2008-ci illərdə kitabxana sahəsinin inkişafına dair cənab Prezident tərəfindən 5 sərəncam imzalanıb. Bu sərəncamların hər biri kitabxana-informasiya sahəsinin inkişafına böyük təkan verib.

Kitabxana-informasiya sahəsi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet sahələrindən birinə çevrilib. Cənab nazir Əbülfəs Qarayev tərəfindən bu sahəyə dair bütün innovativ layihələr dəstəklənərək həyata keçirilir. Çıxışçı qeyd edib ki, Amerika guşələrinin əməkdaşları öz təcrübələrini digər regionlarda da yaymalı və daha maraqlı və aktual layihələrlə çıxış etməlidirlər. Biz çalışmalıyıq ki, Azərbaycanda fəaliyyət göstərən Amerika guşələri yalnız postsovet məkanında deyil, həm də xarici ölkələrdə fəaliyyət göstərən Amerika guşələri arasında öz işləri ilə fərqlənsin və birincilər sırasına çıxsın. Bununla əlaqədar o bir sıra təklif və tövsiyələr verib.

Yubiley tədbirində Amerika Səfirliyi adından Səfirliyin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Kerolayn Savec çıxış etmiş və qeyd etmişdir ki, Azərbaycan Amerika əlaqələri yüksək səviyyədə inkişaf edir. Daha sonra o, Amerika guşələrinin fəaliyyəti haqqında qısa məlumat vermiş və qeyd etmişdir ki, Amerika hökuməti bu guşələrin fəaliyyətini dəstəkləyir və onlara lazımi kömək göstərir. K. Savec Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə xüsusi minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, ötən on il ərzində Nazirlik tərəfindən guşələrə hər cür təşkilatı dəstək göstərilib.

Konfransda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək qeyd edib ki, Bakı Amerika Mərkəzi Azərbaycan Dillər Universitetində on ildir ki, fəaliyyət göstərir və bu illər ərzində regionlardakı Amerika guşələrinə dəstək verib, onların işini koordinasiya edərək daha yüksək pilləyə çatdırıb. Rektor Azərbaycanın multikultural və tolerant ölkə olduğunu söyləmiş və bu istiqamətdə maraqlı faktları konfrans iştirakçılarına çatdırıb.

Konfransın birinci hissəsi bununla başa çatmış. Konfrans iştirakçıları xatirə şəkili çəkdiriblər.

Konfrans öz işini günün ikinci yarısında, habelə oktyabrın 19 və 20-də davam etdirəcək. Gündəlikdə maraqlı məsələlər durur. Amerika guşələrinin koordinatorları yeni maraqlı layihələrlə, ABŞ haqqında məlumatlarla, ingilis dilinin inkişafı ilə bağlı proqramlarla tanış olacaqlar. Konfrans zamanı ustad dərslər və təcrübə mübadilələri, sosial media ilə işləmə texnologiyaları, marketinq və menecment və s. məsələlər geniş formada müzakirə olunacaq.

Gəncə şəhər, Kürdəmir, Xaçmaz, Salyan rayon Amerika guşələrinin koordinatorları öz iş təcrübələri ilə konfrans iştirakçılarını tanış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə